Rüfət Səfərov
Aslan İsmayılovun Azadlıq radiosuna verdiyi müsahibədən bir hissəni dostlardan biri mənə göndərdi.
Baxdım.
İsmayılov deyir ki, payıza qədər ölkədə qütbləşmə kəskinləşəcək, Ramiz Mehdiyev, Əli Həsənov və dəstəsi, tutulan icra hakimiyyəti başçıları dini kəsim və Milli Şura ilə birləşib çevriliş etməyə çalışacaqlar.
Açığı, son zamanlar yaydığı mətnlərin, irad etdiyi nitqlərin, sərgilədiyi qeyri-sağlam münasibətlərin, yürütdüyü məntiqsiz mühakimələrin, hakimiyyətin əsas klanlarından birinin əlinə oynayıb, şəninə oxuduğu mədhnamələrin fonunda ondan ayrı cür tərz də gözləmirəm.
Gün kimi aydındır ki, məlum klanın vəkili kimi çıxış edən İsmayılovun cari funksional mahiyyətini xalqın hakimiyyət mənbəyi kimi tanınması uğrunda zehin və əmək sərf edən fədakarlara çamur atmaq, ağlasığmaz ittihamlar səslədirmək, insanlıq və mənəviyyatla bir araya gəlməyən böhtanlar yağdırmaq təşkil edir.
Onun belə nöqsanlı və eybəcər duruma düşməyi eynimə də deyil, bir halda ki, özü-özünə rəva görür…
Məni qayğılandıran odur ki, bu xalqın bir saylı baş redaktoru, bir saylı telejurnalisti, bir saylı şairi, bir saylı yazıçısı, bir saylı müğənnisi, bir saylı vəkili və müdafiəçisi kimi göylərə qaldırılanlar sonradan maddiyatın, pulun-paranın, mandatın, komfort ofisin, vəzifənin, xülasə, dünya malının qarşısında ləyaqət, şərəf, işgüzar nüfuz və mənəviyyatlarını hərraca qoyub, təkcə özlərini deyil, saysız-hesabsız insanların xəyallarını da məzara gömdülər.
Minlərlə insanın qırılmış xəyalları torpağa quylandı.
Heyf.
Çox heyif.