Hüquqşünas Fuad Ağayev
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin IV hissəsində deyilir: “Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər”.
30 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurasının «Kibercinayətkarlıq haqqında» Konvensiyasını təsdiq edib. Həmin Konvensiyanın tələblərinə uyğun olaraq 29 iyun 2012-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin 30-cu fəslinin yeni redaksiyası verilib: Həmin vaxtdan, o, “Kibercinayətlər” adlandırılır və 5 maddədən ibarətdir. Əməlin ictimai təhlükəlilik xarakteri və dərəcəsindən asılı olaraq həmin maddələr müxtəlif cəzalar, o cümlədən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Əgər bu cinayətlər başqa qanunsuz əməllərlə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, onların həddini aşma və s. müşayiət olunursa, müvafiq şəxslər cinayət qanununun daha ciddi maddələri ilə də məsuliyyətə cəlb oluna bilərlər.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin pandemiya dövründə keçirilən qapalı onlayn iclasının yazılması və kənara ötürülməsi, sözsüz, hazırki Azərbaycanın Ana Müxalifətinə qarşı növbəti addımdır. Bu qanunsuzluqlara, siyasi təqiblərə son qoyulmalıdır.