Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennax və Rocer Qeyl Azərbaycanda koronavirusla mübarizə adı altında hakimiyyət tənqidçilərinə təzyiq edilməsindən və siyasi məhbuslarin təhlükəsizliyindən narahat olduqlarını bildirən bəyanat veriblər.
“Biz COVİD-19-la mübarizə adı altında hakimiyyətin opponentlərinə qarşı genişmiqyaslı repressiyası və ifadə azadlığının, o cümlədən internetə çıxışın məhdudlaşdırılması barədə çoxsaylı məlumatlar almışıq.
15 nəfərdən çox müxalif fəal və jurnalist karantin qaydalarını pozmaq və polisə tabe olmamaq ittihamları ilə 30 gün müddətinə qədər həbs ediliblər.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin faktiki ev dustağı edilməsi, internet və telefon xətlərinin bloklanması barədə məlumatlar bizi xüsusilə narahat edir.
Tənqidi çıxışlarından sonra guya məcburi psixolojı müalicəyə aldıqları müxalif fəal Aqil Hümbətovun işi də hədsiz narahatlıq doğurur.
Təəssüf ki, bu həbslər hakimiyyətin tənqidçilərinə qarşı köhnə repressiya siyasətinin davamıdır. İndiki halda biz siyasi məhbusların və vicdan məhbuslarının həyatına görə xüsusən narahatıq. Onların həyatı və sağlamlığı COVİD-19 infeksiyasına yoluxa bilmə səbəbindən təhlükədədir.
Biz Azərbaycan hakimiyyətini ifadə azadlığının müdafiəsinə dair beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə və koronavirusla mübarizədən siyasi müxalifəti boğmaq üçün sui-istifadə etməməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.