Elnur Sadıqov
Hakimiyyət uzun illər düşünürdü ki, Əli Kərimlinin ətrafını sıradan çıxarsa o, neytrallaşacaq. Bu məqsədlə demək olar ki, Kərimlinin bütün müavinləri və müşavirləri uzunmüddətli həbslərə məhkum edildi. Hakimiyyət gördü ki, yox, bu çarə deyil. Gözlənilən nəticəni vermir. Beləliklə, müavinlər ya vaxtından əvvəl, ya da həbs müddətləri başa çatdı, buraxıldılar.
Sonra düşündülər ki, yox, prosesin hərəkətverici qüvvəsi Əli Kərimli özüdür və onun özünü geri oturtmaq lazımdır. Bu məqsədlə əvvəllər rast gəlinməyən 1-2 günlük həbslər başladı. 19 oktyabr mitinqində ağır işgəncələrə məruz qoydular. Nəhayət, pandemiya dövründə onu tam təcrid etdilər. Yenə də gördülər ki, arzuolunan nəticələr əldə edilmədi. Əksinə, Əli Kərimlisiz də səfərbərlik, etiraz və siyasi fəallıq artan xəttlə inkişaf edir.
Görünür, indi də qərar veriblər ki, problemin həlli kiberhücumlarlarla sosial şəbəkələrdə AXCP / MŞ – nın fəaliyyətini iflic etməkdir. AXCP – nin etiraz bəyanatını şərh bölümünə yerləşdirirəm. Amma ilkin nəticələr göstərir ki, əvvəlki zərbələr qarşısında cəbhəçilərin sərgilədiyi mətinlik kiberhücumlara münasibətdə də özünü büruzə verməkdədir. Əksinə bu hücumlar təşkilatın xüsusi hazırlıqlar görmədən fövqəladə vəziyyətlərdə işləmək qabiliyyətini artırır.
Yuxarıdakılardan göründüyü kimi hakimiyyət özünü eksperimentlər labirintinə salıb. Bütün bunların məsuliyyəti siyasi qərarlar üzərində son söz sahibi, İlham Əliyevin üzərinə düşür. Onun borcudur ölkənin problemlərinə həll yolları və ziddiyyətlərdən çıxış yolu tapmaq, problemlərə strateji həll variantlarıyla yanaşmaq. Onillərlə ölkəni eyni problemlərlə, gərginliklərlə baş-başa qoymaq olmaz. Vətəndaş qarşıdırması, antoqonizm toxumları səpmək yaxşı nəticələr vəd etmir.