Tural Ağayev
Cəmiyyətin homofobiyaya sərt reaksiya verməsi sevindiricidir. Çünki cəmiyyətin təpkisi homofobiya əleyhinə vaksin effekti yaradır. Həmin insanları bir daha düşünməyə vadar edir. Rafiq Manaflının açıqlaması homofobiyadan qaynaqlanan nifrət nitqidir, qəbuledilməzdir.
Avropa Konvensiyasına görə hər kəsin hansısa fikir və düşüncəyə sahib olmaq hüququ mütləqdir, hətta bu fikir zərərli olsa belə. Məhdudiyyət yalnız onun yayılmasına gətirilə bilir. Bunu diqqətə alsaq Rafiq bəyin açıqlamasının yüngülləşdirici tərəfi fikrini ictimai deyil, çox dar çərçivədə səsləndirməsidir, baxmayaraq ki, sonradan kütləviləşib. Ağırlaşdırıcı tərəfi isə ictimai siyasi şəxs olmasıdır. Bu səbəbdən Rafiq Manaflı bəyin ictimai şəkildə üzr istəməsi cəmiyyətin demokratik kəsiminin ən təbii gözləntisidir. Baxmayaraq ki, qiymətləndirəndə Gültəkin Hacıbəylinin açıqlaması ilə Rafiq bəyin açıqlaması eyni deyil, o, artıq üzrxahlığını edib və emosional olub o ifadəni işlətdiyini bildirib.
Amma bir məsələni unutmamalıyıq. Bizim hələ homofobiyadan tam qurtulmuş bir cəmiyyət təsəvvür etməyimiz hələ çox tezdir. Nəzərə alaq ki cəmiyyətin böyük əksəriyyəti hələ də homofobdur. Bir anlıq bütün homofobların olmadığını təsəvvür etsək, görərik ki, yan yörəmizdə heç kim qalmayıb. Hətta əminliklə deyə bilərəm ki, məlum videodan sonra “şoka düşdüm” deyənlərin də bir çoxu homofobiya və ya hansısa diskriminativ yanaşmanın bir çox elementlərinin daşıyıcıdır. Bu səbəbdən hələ bir müddət bununla yaşamağa məcburuq. Əsas olan təhlükəni görüb ondan qurtulmağın yolları haqqında düşünməkdir.
Siyasi qurumlara gəlincə, son iki ayda Cəmil Həsənlinin, cəbhə rəhbərliyinin homofobiya və diskriminasiyanı açıq qınayan bir neçə rəsmi açıqlaması olub ki, siyasi partiyaların və liderlərin artıq mühafizəkar cəmiyyətdə seçici itirməsi riskini gözə alıb kifayət qədər açıq dillə danışması yaxşı haldır.
Qarşımıza paralel olaraq yeni suallar çıxır. Kiber hücum kim tərəfindən həyata keçirilib? Bu videonu ilk yayan şəxs kimdir? Necə olub, bu video həmin şəxsin əlinə keçib? Araşdırmaçıları ilk olaraq bundan da ağır suallar maraqlandırmalı idi (çünki bunlar həvəskar suallardır), ilk açıqlamaları bununla bağlı olmalı idi. Amma təəssüf ki, onlar ilk olaraq yayılan videonun məzmununa fokuslandılar.