Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan AXCP üzvü Aqil Hümbətov vəkilinə deyib ki, sosial şəbəkələrdəki tənqidlərinə görə ora salınıb. Bu barədə vəkil Nemət Kərimli danışıb.
A.Hümbətovun durumundan ailəsinin narahat olduğunu vurğulayan müdafiəçi bildirib ki, həm onun vəziyyətini araşdırmaq, həm də xəstəxanaya salınması haqda məhkəmə qərarından şikayətlə bağlı məsləhətləşmələr üçün onunla görüşüb:“Mayın 12-də görüşməyə icazə verməmişdilər, amma bugün yenə getdim. Bu dəfə də görüşməyə qoymadılar. Ombudsman Aparatına zəng elədim, onların müdaxiləsindən sonra görüşə imkan verildi. Aqilin durumu ümumilikdə pis deyil. O, saxlanma şəraitindən yox, ora salınmasından şikayətçidir. Bir daha bildirdi ki, psixiatriya xəstəxanasına salınması barədə məhkəmə qərarı qanunsuzdur, sifarişlə çıxarılıb. Səbəb də hökumətin ünvanına tənqidləri, uşaqpulu tələbidir”.
Vəkilin sözlərinə görə, xəstəxanaya A.Hümbətovun yanına gedəndə o, kitab oxuyurdu. Müdafiəçi deyir ki, onun psixiatriya xəstəxanasına salınması barədə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun çıxardığı qərarı indiyədək ala bilməyib. Digər tərəfdən də, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün müddət keçir: “Ona görə məcbur qalıb qərar olmadan şikayət hazırlamışıq. Şikayəti Aqil Hümbətov imzalamalıydı ki, göndərə bilək”.
Mayın 12-də A.Hümbətovun həyat yoldaşı Aygün Hümbətova bizə onun durumunun yaxşı olmadığını bildirmişdi. A.Hümbətovanın sözlərinə görə, həyat yoldaşı sağlam olduğu halda, ona vurulan iynələrin, verilən həblərin təsirindən səhhətində ciddi problemlər yaranıb.
Azadlıq radiosu