AXCP sədrinin müavini Nurəddin Məmmədli
Əlacsızlıq böyük fəlakətdir. Allah heç kimə qismət etməsin. Çünki son ümüdün də ölməsinin ifadəsidir. Rejimi nəzərdə tuturam. Uzun illərdir ki, AXCP-nı sıradan çıxarmaq üçün istifadə etmədikləri təqib və təzyiq, repressiya və işgəncə qalmadı. Amma heç biri ümüdlərini doğrultmadı, əksinə bumeranq effekti verib, xatası öz başlarında çatladı. AXCP bütün bu cinayətlərə qarşı döyüşlərdən daha da güclənərək çıxdı. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı.
Son ümidləri partiya sədrini blokadada saxlamağa qaldı. Artıq 32 gündür ki, Əli bəy faktiki olaraq ev dustaqlığına məhkum olunub, xarici mühütlə demək olar ki, bütün telefon və internet əlaqələri kəsilib. Amma bu da rejimin arzularını gözündə qoyur. Xeyli sayda partiya funksionerləri və fəallarımız uzun müddətli inzibati həbsə məhkum olunsalar da, təşkilatın bütün strukturları ənənəvi rejimdə fəaliyyət göstərir. Yaranmış vəziyyəti adekvat olaraq qiymətləndirən qismən fəal olan üzvlərimiz də ümumi işimizə daha məsuliyyətlə yanaşmağa çalışırlar. Necə deyərlər, ekstremal situasiya yeni qəhrəmanlarını yetişdirir.
Çox önəmli bir cəhəti də qeyd etmək istəyirəm. AXCP daim xalqımızın maraqlarını önə çəkən bir təşkilat kimi ictimai rəyin əsas subyektlərindən biri olub. Lakin heç zaman nifuzu indiki qədər yüksək olmayıb. Bu uğurda xalqımızla bütövləşən ictimai qurumların və nüfuzlu şəxslərin rolunu xüsusilə qeyd etmək istəyirəm. Son hadisələr göstərdi ki, AXCP-nin xalqımızla bütövləşməsi prosesi özünün pik həddinə çatmaqdadır. Bu da mübarizənin qələbə ilə nəticələnməsi üçün zəruri olan ikiqütblü siyasi sistemin formalaşmasında çox önəmli faktordur. Bu dəyərləndirmə və fədakarlıqda əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildirirəm.
Təbii ki, ümumi uğurlarımızdan danışarkən, son zamanlarda AXCP-yə artan beynəlxalq maraq və dəstəyi də qeyd etmək lazımdır. Çoxsaylı təşkilatlar və nüfuzlu şəxslər birmənalı şəkildə partiyaya və onun liderinə qarşı baş verən cinayətləri ifşa edir, bu tip əməllərə son qoyulmasını tələb edirlər. Hələlik bu çağırışlara adekvat reaksiya verilmir. Çünki ifşa dərinləşdikcə, iflas da dərinləşir ki, bu da ciddi narahatlığa, hətta idarəolunmaz çılğınlıq və isterikaya səbəb olur. Artıq birmənalı şəkildə söyləmək olar ki, İlham Əliyev rejimin Azərbaycan xalqına yönəlik siyasəti, dünyanın demokratik güclərinin də probleminə çevrilməkdədir. Bu səbəbdəndir ki, rejimə qarşı ciddi sanksiyaların tətbiqi son günlərdə daha yüksək səviyyədə səslənməkdədir.
Sonda bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, AXCP-yə qarşı repressiyalar çıxış yolu deyil və rejimə heç bir uğur qazandırmayacağı aşkardır. Ona görə də iqtidarlı müxalifətli hamımız üçün yeganə məqbul yol, geniş demokratik islahatların reallaşdırılması vasitəsilə ümummilli həmrəyliyə nail olmaqdır.